Gəncə Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elnur Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilib, ona təyin edilən 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib.
İttihama görə, Elnur Abdullayev İlham Ağayevə Fövqəladə Hallar Nazirliyində işləyən tanışının olduğunu və qurumda xidmətə qəbul məsələsində köməklik göstərə biləcəyini bildirib. O, İlham Ağayevin qohumunu Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini vəd edib.
Təqsirləndirilən şəxs İlham Ağayevə ümumilikdə 8 000 manat məbləğində maddi ziyan vurub.
Təqsirləndirilən şəxs bundan başqa, şəxs daha üç vəzifəli şəxsin videogörüntüsünü yaymaqla şantaj edərək 3000 manat əldə edib.
Məhkum sonuncu məhkəmədə ayrıca apellyasiya şikayəti verərək iş üzrə yenidən məhkəmə istintaqının keçirilməsini və ədalətli hökm çıxarılmasını istəyib.
Mənbə: pravda.аz