Gəncədə sabah, noyabrın 22-də keçiriləcək "Kəpəz" – "Qarabağ" futbol qarşılaşmasına böyük maraq olduğundan ictimai nəqliyyat gücləndirilmiş iş rejiminə keçəcək.
Gencexeber.az məlumat verir ki, Misli Premyer Liqasının XII turu çərçivəsində baş tutacaq qarşılaşmada stadionu dolduracaq azarkeşlərin 93 faizini yerli sakinlər təşkil edəcək. Qalan biletlər qonaqların tərəfdarlarına qismət olub. Qeyd edək ki, oyuna bütün yerlərə – 15 363 bilet satılıb.
Bununla bağlı "Kəpəz" klubunun rəhbərliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə Regional İdarəsinə müraciət edib. İdarənin qərarına əsasən, noyabrın 22-də saat 15:00-dan etibarən Gəncə şəhər stadionu istiqamətində hərəkət edən marşrut xətlərində intensivlik artırılacaq, avtobusların sayı çoxaldılacaq. Tamaşaçıların oyundan sonra evlərinə rahat qayıtması üçün gücləndirilmiş iş rejimi həmin gün saat 20:00-dək davam edəcək.
Qeyd edək ki, 2026-cı il oktyabrın 1-nə olan statistik məlumata görə, Gəncə şəhərinin əhalisi 331 min nəfər təşkil edib. Beləliklə, şəhərin sakinləri arasında satılan biletlərin sayı şəhər əhalisinin təxminən 4,3 faizinə bərabərdir.
Xatırladaq ki, Gəncə şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 17:00-da səslənəcək.