Gəncə sakinləri dilənçilik və tüfeyli həyat tərzi keçirən şəxslərin davranışlarından narazılıq edirlər.
Gencexeber.az-a müraciət edən vətəndaşların sözlərinə görə, Gəncənin mərkəzi küçə və prospektlərində işıqforun qırmızı işığında dayanan sürücülər dilənçiliklə məşğul olan bəzi şəxslərin aqressiv davranışı ilə üzləşirlər.
Həmin şəxslər avtomobillərin qarşısını kəsir, özlərini maşınların qarşısına ataraq sürücülərdən pul istəyirlər. İstəklərinə nail olmadıqda isə sürücülərin ünvanına nalayiq ifadələr işlədir, aqressiv davranış nümayiş etdirirlər.
Vətəndaşlar aidiyyəti qurumların məsələyə müdaxilə etməsini, xüsusilə bu cür halların daha çox müşahidə olunduğu ərazilərdə nəzarətin gücləndirilməsini xahiş edirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupuna sorğu ünvanlanıb.