Gəncədə yeni marşrutların hərəkət sxemində dəyişikliklərlə əlaqədar avtobus dayanacaqlarının vəziyyəti yoxlanılır.
Gencexeber.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsi ilə birgə şəhər ərazisindəki dayanacaq pavilyonlarının faktiki vəziyyətinə baxış keçirilir.
Bildirilib ki, dayanacaq kimi müəyyən edilmiş, lakin pavilyon quraşdırılmamış ünvanlar qeydə alınır. Həmin dayanacaqların mərhələli şəkildə yenilənməsi və pavilyonların quraşdırılması təmin ediləcək.
Qeyd edək ki, daha əvvəl Gəncədə bir sıra avtobus dayanacaqlarında pavilyonların olmaması ilə bağlı vətəndaşlar Gencexeber.az-a şikayətlərini ünvanlayıblar. Sakinlər avtobus gözləyərkən çətinlik çəkdiklərini, bəzi hallarda isə təhlükəsizliklərini riskə ataraq avtomobil yoluna çıxmağa məcbur olduqlarını bildiriblər.