Gəncədə fərdi yaşayış evinin mətbəxində yanğın baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə şəhərin Xəqani küçəsində qeydə alınıb. Ramiz Əsədova məxsus, ümumi sahəsi 120 kvadratmetr olan fərdi yaşayış evinin mətbəxində qəfil yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb olunub. Əməkdaşların müdaxiləsi nəticəsində alovun ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.
Yanğın nəticəsində evin 15 kvadratmetr sahəsi olan mətbəxində mebel, aspirator, qaz sobası və paltaryuyan maşın yanıb.
Hadisə zamanı ev sahibinin 2009-cu il təvəllüdlü nəvəsi A.Əsədova tüstüdən zəhərlənib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hadisəsinin səbəbləri araşdırılır.