Gəncə Dövlət Universitetinin (GDU) təqaüddə olan dosenti, tanınmış riyaziyyatçı alim Üzeyir Əfəndiyev vəfat edib.
Gencexeber.az-ın məlumatına görə, mərhum bu gün sakinlər arasında Səbiskar kimi tanınan Gəncə şəhər 1 saylı qəbiristanlıqda dəfn olunacaq.
Qeyd edək ki, Üzeyir Qiyas oğlu Əfəndiyev 1937-ci il aprelin 23-də Samux rayonunun Samux kəndində zəhmətkeş ailədə dünyaya gəlib. O, həyatını elmə, təhsilə və pedaqoji fəaliyyətə həsr edib.
1973-cü ildən Gəncə Dövlət Universitetində assistent və dosent vəzifələrində çalışıb. Uzun illər elmi və pedaqoji fəaliyyəti ilə universitetin təhsil həyatına töhfə verib, çoxsaylı tələbələrin yetişməsində mühüm rol oynayıb.
Alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Qabaqcıl təhsil işçisi" döş nişanı, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə isə "Tərəqqi" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!