Yevlaxda 25 yaşlı bacısı Sərvinaz Cabbarzadəni bıçaqlayan 2011-ci il təvəllüdlü Cabbar Cabbarzadənin (ad-soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb.
Hadisə Sərvinazın "TikTok"dan istifadə etməsi səbəbindən baş verib.
Belə ki, yeniyetmə bacısına sözügedən sosial şəbəkədə öz şəkillərini paylaşmasına, canlı yayım açmasına irad bildirib. Sərvinaz isə bunun öz şəxsi işi olduğunu deyib.
Bu mübahisənin davamında Cabbar mətbəxdən götürdüyü bıçaqla bacısının kürəyindən iki zərbə vurub və onun sağlamlığına ağır zərər yetirib.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Cabbar Cabbarzadə 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona iki il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunub.
Məhkəmə kollegiyası bu hökmü verərkən cəzanı yüngülləşdirən halların çoxluğunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, cinayət əməli törədilərkən təqsirləndirilən şəxsin 15 yaşının olmasını, onun hadisə vaxtı düşdüyü psixi vəziyyəti nəzərə alıb.
Qeyd edək ki, qardaşı tərəfindən bıçaqlanan Səvinaz Cabbarzadə evli olub. Onun əri ilə yanaşı, iki qardaşı və atası həbsdədir.
Mənbə: xitab24.аz