Gəncədə binanın həyəti baxımsız vəziyyətdədir.
Gencexeber.az-a müraciət edən sakinlərin sözlərinə görə, söhbət Şah İsmayıl Xətai prospektində yerləşən 99 nömrəli binanın həyətindən gedir. Vətəndaşlar ərazinin çirkab içində olduğunu bildirirlər.
Şikayətçilər qeyd edirlər ki, binanın prospektə baxan hissəsi aqlay daşı ilə üzlənsə də, həyətindəki mənzərə tamamilə fərqlidir.
"Bura ucqar kənd deyil, Gəncənin mərkəzidir. Şəhərimizə gələn qonaq binanın həyətindən keçsə, çaşıb qalar. Sanki kimsə onu sehrli dəyənəklə 4-5 əsr geri qaytarıb", – sakin bildirir.
Gəncəlilər aidiyyəti qurumlardan sözügedən ünvanda abadlıq işlərinin aparılmasını xahiş edirlər.
Məsələ ilə bağlı redaksiyamız tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb.