Azərbaycanın sabiq futbolçusu Faiq Cabbarov çətin tale yaşamış insandır. Ölkənin müxtəlif klublarında çıxış etmiş idmançı karyerasının əsas hissəsini "Kəpəz"də keçirib. Cabbarov bir neçə dəfə Azərbaycan çempionu və Azərbaycan Kubokunun qalibi olub.
Müsahibəsində Faiq Cabbarov deyib ki, son vaxtlar işsizlik səbəbindən içkiyə meyillənib və bu da öz təsirini göstərib. Sabiq futbolçu qaraciyərində yaranan problemlər səbəbindən xəstəxanada müalicə olunur.
"Tam yox, sanki ölümcül sirroza gedən bir yoldur, təəssüf ki, mənim... Düzdür, səhvlərim olub. Hər insanın bir zəif yeri olur. Amma şükürlər olsun ki, Dieqo Maradona kimi narkotikə yox, içkiyə qurşandım. Böyük səhv etmişəm", - deyə o vurğulayıb.
Cabbarov etiraf edir ki, "Kəpəz"dən heç kim onun səhhəti ilə maraqlanmaq üçün xəstəxanaya gəlməyib.
"İnanın Allaha, "Kəpəz"dən bir nəfər də klinikada qapımı açmadı. Mənə onlardan maddi kömək lazım deyil. Əli boş gələrdi, "Sənin səhhətin necədir?" deyə soruşardı. Mən özüm də yerliyəm, Gəncəliyəm. Yəni, bunlardan kömək olmadıqdan sonra mən AFFA-dan nə gözləyim?", - deyə Cabbarov bildirib.
Faiq Cabbarov qeyd edir ki, futbola qayıtmaq niyyəti ciddidir və artıq pis vərdişlərdən uzaqlaşıb. 54 yaşlı sabiq futbolçu məscidə gedərək içkiyə tövbə etdiyini, artıq iki aydır spirtli içki qəbul etmədiyini deyir.
Xəstəxanadan çıxan kimi formaya qayıtmaq üçün yavaş-yavaş idman etməyə başlayıb. Hələlik futbolla bağlı ona təklif gəlməyib.
Lakin onun sözlərinə görə, işə hər an hazırdır: "Mənim işim məşqçilikdir. Mən futbola qayıtmaq istəyirəm. Bu mənim sənətimdir. Mənə dedilər ki, futbola lazımsan. Mən də həqiqətən görürəm ki, elədir. Yaşlanmamışam hələ və futbola canımı qoyaram".
Mənbə: idman.biz