Şəmkir rayonunda bibisinin evinə basqın edərək quldurluq törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Təqsirləndirilən şəxs daha əvvəl Şəmkir Rayon Məhkəməsinin 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib və vaxtından əvvəl azad edilib.
İttihama görə, azadlığa çıxdıqdan sonra Şəmkir rayonunun Şiştəpə kəndinə qayıdan şəxs qonşuluqda yaşayan bibisinin evinə basqın etmək qərarına gəlib.
Məhkəmə hökmündə göstərilib ki, hasardan keçən təqsirləndirilən şəxs evin pəncərəsindən içəri girərək yataq otağına keçib və çarpayıda uzanan zərərçəkmiş şəxsə hücum edib.
O, zərərçəkmiş şəxsin boğazından tutaraq ağzını bağlayıb və pul tələb edib. Müqavimətlə qarşılaşdıqda isə boğazını sıxaraq zor tətbiq edib.
Daha sonra zərərçəkmişin boynunda olan 1120 manatlıq qızıl boyunbağını dartaraq qoparıb.
Təqsirləndirilən şəxs bildirib ki, azadlığa çıxdıqdan sonra işsiz olduğundan bu əməli törədib.
O, 9 il müddətinə azadlıqdan məhrum edilib və əvvəlki hökmdən qalan 4 ay 16 gün müddətində azadlıqdan məhrumetmə cəzası yeni cəza ilə qismən birləşdirilib.
mənbə: qaynarifno.аz