Son günlər ölkə ərazisində hava şəraiti dəyişkənliyi ilə diqqət çəkir. Belə ki, bəzi günlər yağışlı və sərin hava müşahidə olunsa da, digər günlər temperaturun yüksəlməsi ilə müşayiət olunur. Payız fəslinin ortalarında havanın bu cür qeyri-sabit keçməsi diqqət çəkir. Sabah isə havanın yenidən istiləşəcəyi gözlənilir.
Bəs payız fəslində havaların bu qədər dəyişkən keçməsinin əsas səbəbi nədir?
Ekoloq Qorxmaz İbrahimli açıqlamasında bildirib ki, havanın belə keçməsi normal haldır:
"Oktyabr ayının mülayim, əsasən isti keçməsi və arabir yağıntıların müşahidə olunması normal haldır. Çünki hazırda payız fəslindəyik və oktyabr payızın ən gözəl aylarından biridir. Hesab edirəm ki, bu cür hava şəraiti davam edəcək. Noyabr ayında da havalar mülayim keçə bilər. Bu cür hava şəraiti yerləşdiyimiz mülayim subtropik qurşağın xüsusiyyətlərindən asılıdır".
Q.İbrahimli son günlər müşahidə olunan temperatur dəyişikliklərinin səbəbinə də aydınlıq gətirib:
"Bir neçə gün əvvələ qədər ölkə ərazisinə cənubdan isti hava kütlələri daxil olmuşdu. Məhz bunun nəticəsində temperatur yüksəlmişdi. Daha sonra isə yağıntılı hava şəraiti müşahidə olundu. Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində yağış yağdı. Hətta dağlıq ərazilərdə qar yağması da qeydə alındı".
Mənbə: azxeber.cоm