Gəncə şəhər 7 nömrəli məktəbdə müddətli müqavilə əsasında çalışan, məktəb rəhbərliyinin ona qarşı qərəzli mövqe sərgilədiyini iddia edən müəllimə Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib.
Bu barədə Gəncə–Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
İdarənin açıqlamasında Günay Məmmədovanın Göygöl rayonu Z. Abdullayev adına Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəlliməsi olduğu qeyd edilib. Bildirilib ki, son günlər onun davranışları ilə bağlı sosial şəbəkələrdə yayılan videolar ictimai müzakirələrə səbəb olub.
"Müəllimin sosial şəbəkələrdəki paylaşımlarında nümayiş etdirdiyi davranış və işlətdiyi ifadələr pedaqoji etika, müəllim nüfuzu və peşə məsuliyyəti baxımından qəbuledilməzdir. Xüsusilə, Günay Məmmədovanın məktəbdə canlı yayımlar açması, bu zaman tədris prosesinə müdaxilə etməsi və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olması yolverilməz hesab olunur", – açıqlamada bildirilib.
İdarədən vurğulanıb ki, şagirdlərin təhlükəsizliyinə, hüquqlarına və sağlam psixoloji mühitə xələl gətirən, tədrisin normal gedişinə mane olan davranışlar müəllimin peşə öhdəlikləri ilə uzlaşmır.
"Qeyd olunan hallar və əmək münasibətlərini tənzimləyən qanunvericiliyin tələbləri nəzərə alınaraq G. Məmmədovanın əmək müqaviləsinə xitam verilib", – deyə idarədən bildirilib.
Qeyd edək ki, Günay Məmmədova daha əvvəl Gəncə şəhər 7 nömrəli məktəbdə dərs cədvəlinin xəbərdarlıq edilmədən dəyişdirildiyini iddia edib. O, məktəbdən canlı yayımlar açaraq rəhbərlikdən bununla bağlı akt tələb edib.
Mənbə: modern.аz