Gəncədə dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan "MAN" markalı yük avtomobili, "VAZ-21099" və "BMW" markalı minik avtomobilləri, eləcə də "Fiat" markalı təcili tibbi yardım avtomobili toqquşub.
Qəza zamanı "VAZ-21099" markalı avtomobildə olan 1973-cü il təvəllüdlü Arzu Quliyev, 1982-ci il təvəllüdlü Vüqar Məmmədov, 1988-ci il təvəllüdlü Mayisə Məmmədova və 2012-ci il təvəllüdlü Ayşən Məmmədli xəsarət alıblar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, zərərçəkənlər Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Həmin şəxslərə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.