Şəmkirdə qəzalı vəziyyətdə olan yataqxana binası sakinlərin həyatı üçün təhlükə yaradır.
Gencexeber.az məlumat verir ki, bina rayonun Kür qəsəbəsində, Səməd Vurğun küçəsi, 1 ünvanında yerləşir. Kür Mənzil Təmir İstismar Sahəsinin balansında olan yataqxananın hazırkı vəziyyəti sakinlərin ciddi narazılığına səbəb olub.
Vətəndaşların sözlərinə görə, tikilidə rütubət hökm sürür, divarların suvağı tökülür, tavanlar isə ovularaq hissə-hissə başlarına uçur. Onlar iddia edirlər ki, Şəmkir Rayon İcra Hakimiyyəti və Kür Mənzil Təmir İstismar Sahəsinin məsul şəxsləri problemin həlli üçün lazımi tədbirlər görmürlər.
Vətəndaşlar aidiyyəti qurumların məsələyə biganə yanaşmamasını tələb edirlər. Onlar bildirirlər ki, problemin uzun müddətdir həll edilməməsi binada yaşayan insanların təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırır.