Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb.
Bu barədə Gencexeber.az qurumdan məlumat verilib.
Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir.
Qeyd olunub ki, gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
"Baş Dövlət Yol Polisi İdarəsi həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini real vəziyyətə uyğun nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir", - müraciətdə vurğulanıb.