Gəncədə vətəndaş tikinti işləri üçün ödədiyi 40 min manatı geri ala bilmədiyini iddia edir.
Gencexeber.az-a müraciət edən Elnurə Əsgərova "Salahlı Group" adlı tikinti şirkətinin fəaliyyəti ilə bağlı şikayətini bildirib.
Vətəndaşın sözlərinə görə, o, öz həyətində ev tikdirmək məqsədilə şirkətə müraciət edib. Bu məqsədlə 19 iyul 2026-cı il tarixində 2004-cü il təvəllüdlü Səbuhi Teymur oğlu Nəsibovla altı aylıq müqavilə bağlanıb. Tikinti işlərinin ümumi dəyərinin 80 min manat olduğu, bunun 40 min manatının əvvəlcədən ödənildiyi bildirilir.
İddialara görə, müqavilənin bağlanmasından dörd ay keçməsinə baxmayaraq, evin yalnız kürsüsü inşa edilib. Şikayətçi qeyd edib ki, sonuncu dəfə sentyabrın 26-da beton tökülüb, bundan sonra isə tikinti işləri dayandırılıb.
Məlumata görə, "Salahlı Group" Səbuhi Nəsibovun atası Teymur Nəsibova məxsusdur. Şikayətçi həmçinin iddia edir ki, tikinti fəaliyyəti ilə məşğul olan şirkətin VÖEN-i dəftərxana ləvazimatları ilə əlaqəli fəaliyyət üzrə qeydiyyatdadır.
Elnurə Əsgərovanın sözlərinə görə, təkcə Gəncə şəhərində 30-dan çox, ölkə üzrə isə 70-ə yaxın vətəndaş oxşar problemlə üzləşib. O, Teymur Nəsibovun digər oğlu Samitlə birlikdə ölkəni tərk etdiyini də iddia edir.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğundan Gencexeber.az-a bildirilib ki, vətəndaşların şikayətləri barədə qurum məlumatlıdır və sözügedən məsələ ilə bağlı hazırda araşdırma aparılır.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, həmin şəxslər telefon zənglərinə cavab verməyiblər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.