Gəncə-Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən müəssisələrin sayı 2025-ci ildə azalıb.
Gencexeber.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, iqtisadi rayonda aktiv müəssisələrin sayı 2024-cü ildə 197 olduğu halda, 2025-ci ildə 184-ə düşüb. Beləliklə, il ərzində müəssisələrin sayı 13 vahid və ya təxminən 6,6 faiz azalıb.
Gəncə şəhərində də azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə şəhərdə 116 aktiv müəssisə olduğu halda, 2025-ci ildə bu rəqəm 106 olub. Bu, 10 müəssisə və ya təxminən 8,6 faiz azalma deməkdir.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Gəncə şəhərində 123 aktiv müəssisə fəaliyyət göstərib. Son beş ilin göstəriciləri şəhərdə müəssisələrin sayının ümumilikdə azaldığını göstərir.
Gəncə-Daşkəsən iqtisadi rayonuna daxil olan digər ərazilərdə isə 2025-ci ildə Daşkəsən rayonunda 10, Goranboy rayonunda 16, Göygöl rayonunda 32, Naftalan şəhərində isə 9 aktiv müəssisə qeydə alınıb.
Ölkə üzrə aktiv müəssisələrin ümumi sayı 2024-cü ildə 5 355 olduğu halda, 2025-ci ildə 4 831-ə enib.