Samux rayonunun Gəncə şəhərinin yaxınlığında yerləşən Alıuşağı kəndində qarayara infeksiyası ilə bağlı nəzarət tədbirləri gücləndirilib.
Gencexeber.az-ın məlumatına görə, giriş və çıxışında iki post quraşdırılıb. Nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayıb, avtomobillər kəndə sərbəst şəkildə giriş-çıxış edə bilirlər.
Postlarda əsasən kənd ərazisindən ət və ət məhsulları, eləcə də süd məhsullarının daşınmasına nəzarət olunur. Qida Təhlükəsizliyi Agentliyinin və baytarlıq xidmətinin əməkdaşları tərəfindən avtomobillər dezinfeksiya edilir.
Bundan əlavə, kənddə fəaliyyət göstərən iri təsərrüfatlarda dezbaryerlər yaradılıb.
Qeyd edək ki, dünən Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsinə qarayara infeksiyasının əlamətləri ilə şübhəli bilinən 11 nəfər yerləşdirilib. Həmin şəxslərin bir çoxunun Alıuşağı kəndinin sakinləri olduğu bildirilir.