Gəncədə sahibsiz itlər üçün “Yuva” sığınacağı fəaliyyət göstərirdi.
Redaksiyamıza daxil olan məlumata əsasən, sığınacaq artıq fəaliyyət göstərmir və sığınacaqdakı heyvanlar buraxılıb və sığınacaq işini dayandırıb.
Gencexeber.az sözügedən məsələni dəqiqləşdirmək üçün “Yuva” sığınacağı ilə əlaqə saxlayıb.
Zəngimizə cavab verən sığınacaq rəhbəri Abbasov Yaqub bildirdi ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən dörd aya yaxındır işçilərin maaşları və heyvanlar üçün lazım olan məhsullar üçün ödəniş olunmayıb:
“Heyvanlar üçün təkcə yemək deyil, həm də qısırlaşdırma əməliyyatı üçün narkoz və digər tibbi vasitələr alınıb. Bunlar da müəyyən məbləğ tələb edən işlərdir. O məbləğ ödənilmədiyi üçün məcburiyyətdən heyvanları tutduğumuz yerlərə buraxdıq. Əməkhaqqı ödənilən vaxtadək sığınacaq işçiləri tərəfindən heyvanlara lazımi qulluq göstərilirdi. MKTİB üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün itləri buraxdıq, çünki onları ac saxlamağa heç kimin haqqı yoxdur. Yanvarın 7-dən fəaliyyətimizi dayandırmışıq. İşçilər dəfələrlə MKTİB-ə müraciət etdi, qurumun müavininə də çatdırıldı ki, 4 aydır maaş ödənilmir.
Qurum tərəfindən də bildirildi ki, büdcə olmadığı üçün əməkhaqlarını ödəməyə gücümüz çatmır. Mən könüllü olaraq rəhbərlik edirdim, ancaq ştatda olan 5 işçi var idi. O işçilər də indi evdə oturub maaşını gözləyir. Heyvanların 4 ay ərzində yeməyini də, lazım olan dərmanları da borcla almışıq, mağaza və aptek sahibləri də borcun ödənilməsini tələb edir”, - sığınacaq rəhbəri açıqlama verib.
Humay İsgəndərli