Gəncədə məktəblilər arasında zəhərlənmə baş verib.
Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisə Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məktəbin 4-cü sinfində təhsil alan 5 şagird zəhərlənmə diaqnozu ilə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən şagirdlər S. Abbasova (2017), R. Tağıyeva (2017), R. Kazımova (2017), D. Əliyeva (2017) və N. Quliyevadır (2017).
İlkin məlumata görə, şagirdlərin məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərləndiyi ehtimal edilir.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, bu gün dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib. Şagirdlər dərhal tibb müəssisəsinə yönləndirilib.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti nəzarətdə saxlanılır.