Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəhmən Vətənoğlunun anım günüdür.
Gencexeber.az məlumat verir ki, Bəhmən Kalış oğlu Abbasov – Bəhmən Vətənoğlu 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində anadan olub. Uzun illər müəllim və məktəb direktoru kimi çalışan şair 1993-cü ildə Qarabağ münaqişəsi səbəbindən ailəsi ilə birlikdə Gəncəyə köçüb.
Bəhmən Vətənoğlu Gəncədə də təhsil sahəsində fəaliyyətini davam etdirib. 1993–2004-cü illərdə Kəlbəcər rayon təhsil şöbəsində metodist vəzifəsində çalışıb. Eyni zamanda ədəbi yaradıcılığını davam etdirərək şeirlər yazıb.
Şairin "Haqqa qardaş yaranmışam", "Allahsız dünya", "Vətən bizi bağışlamaz" və "Qaldı ürəyimdə dağı dağların" adlı kitabları nəşr olunub.
Bəhmən Vətənoğlu 2004-cü il sentyabrın 30-da Gəncədə beyin qanaması nəticəsində 71 yaşında vəfat edib. O, Gəncədə qələm dostları Qəmkeş Allahverdi və Sücaətin uyuduğu qəbiristanlıqda dəfn olunub.
Qeyd edək ki, Bəhmən Vətənoğlunun həyatının son 11 ili Gəncə ilə bağlı olub və şair bu şəhərdə həm əmək fəaliyyətini, həm də yaradıcılığını davam etdirib.