Gəncədə uzun illərdir baxımsız vəziyyətdə qalan ərazi məişət tullantılarından təmizlənib.
Gencexeber.az-a Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən (MKTİB) verilən məlumata görə, Qara Namazlı və Altay Eyyuboğlu küçələrinin kəsişməsində yerləşən ərazidə təmizlik işləri aparılıb.
Bildirilib ki, sözügedən ərazi vaxtilə valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi və qayğısı üçün nəzərdə tutulmuş müəssisəyə məxsusdur. Hazırda isə həmin ərazi Səhiyyə Nazirliyinin balansındadır.
MKTİB-dən qeyd edilib ki, illərdir baxımsız qalan ərazi sakinlər tərəfindən məişət tullantıları ilə çirkləndirilib. Halbuki sözügedən ünvandan təxminən 400 metr məsafədə, "Totanlı" dairəsinin yaxınlığında məişət tullantıları üçün konteynerlər mövcuddur.
Qurumun əməkdaşları və xüsusi texnikanın köməyi ilə ərazinin yol hissəsi müxtəlif tullantılardan təmizlənib, zibil konteynerləri boşaldılıb və ətrafı səliqəyə salınıb.