Gəncədə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının binasında ciddi problemlər müşahidə olunur.
Gencexeber.az-ın məlumatına görə, tikilinin həm daxili, həm də xarici divarlarında çatlar yaranıb, bünövrə hissəsində isə çökmə əlamətləri qeydə alınıb. Mövcud vəziyyət tikilinin konstruktiv dayanıqlığı ilə bağlı suallar yaradır, həmçinin burada çalışan əməkdaşların, eləcə də binaya gələn vətəndaşların təhlükəsizliyi baxımından risklərə səbəb ola bilər.
Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, filarmoniyanın yaxınlığında yerləşən Urban Mərkəzin binasında da oxşar çatlar mövcuddur. Bu isə ərazidəki tikililərin texniki vəziyyətinin qiymətləndirilməsini zəruri edir.
Şəhər sakinləri problemin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını, binanın texniki vəziyyətinə mütəxəssislər tərəfindən qiymət verilməsini və zəruri təmir-bərpa işlərinin aparılmasını tələb edirlər.
Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının binasının təməli 21 yanvar 2012-ci ildə qoyulub. Tikintinin gedişində 15 mart 2014-cü ildə ciddi dağıntı hadisəsi baş verib. 2016-cı ildə inşaat işlərinin davam etdirilməsi üçün dövlət büdcəsindən əlavə 5 milyon manat vəsait ayrılıb. 10 noyabr 2017-ci ildə isə filarmoniyanın yeni binasının açılış mərasimi keçirilib.
Məsələ ilə bağlı redaksiyamız tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb.