Gəncədə sürücülər Atabəylər və Sahib Heydərov küçələrinin kəsişməsində quraşdırılan işıqforun fəaliyyətində uyğunsuzluq olduğunu iddia edirlər.
Gencexeber.az-a müraciət edən vətəndaşların sözlərinə görə, əsas yol hesab edilən Atabəylər küçəsində nəqliyyatın hərəkət intensivliyi Sahib Heydərov küçəsi ilə müqayisədə xeyli çoxdur. Buna baxmayaraq, Atabəylər küçəsində hərəkət edən avtomobillər üçün yaşıl işıq cəmi 20 saniyə yanır, qırmızı işıq isə 30 saniyədən çox davam edir. Nəticədə əsas yolda uzun avtomobil növbələri yaranır. Bu müddət ərzində isə Sahib Heydərov küçəsindən cəmi 2-3 avtomobil keçir.
Sakinlər bildirirlər ki, Atabəylər küçəsi əsas nəqliyyat istiqamətlərindən biri olmaqla yanaşı, Samux yolu ilə birləşir və şəhərə giriş-çıxış üçün istifadə olunur.
Sürücülər aidiyyəti qurumlardan ərazidə nəqliyyatın hərəkət intensivliyinin yenidən qiymətləndirilməsini, işıqforun vaxt rejiminə baxılmasını və əsas küçəsində yaşıl işığın yanma müddətinin artırılmasını xahiş edirlər.
Məsələ ilə bağlı redaksiyamız tərəfindən Daxili İşlər Nazirliyinin Gəncə Regional Qrupuna sorğu ünvanlanıb.