Gəncə şəhərinin bir neçə küçə və prospektində küçə işıqlandırmasının işləməməsi sakinlərin ciddi narazılığına səbəb olub.
Sakinlərin Gencexeber.az-a ünvanladığı müraciətlərə əsasən, şəhərin müxtəlif ərazilərində küçə işıqları ya ümumiyyətlə yandırılmır, ya da gec saatlarda yandırılır.
Belə ki, Gəncənin Səməd Vurğun küçəsinin sakinləri bir müddətdir küçələrinin qaranlığa qərq olduğunu bildirirlər.
Bundan başqa, şəhərin mərkəzi küçələrindən olan Sabir küçəsində də işıqlandırmanın qənaətbəxş olmadığı qeyd edilir. Sakinlər deyirlər ki, bəzi günlər işıqlar gec yandırılır, bəzi vaxtlarda isə ümumiyyətlə yanmır.
Gəncəlilər şəhər stadionunun ətrafının, "Pasyolka" adlanan ərazinin də zülmətə büründüyü deyirlər.
Vətəndaşların sözlərinə görə, qaranlıq küçələrdə hərəkət etmək ciddi çətinlik yaradır. Xüsusilə uşaqlar və yaşlı insanlar üçün vəziyyət narahatlıq doğurur. Ərazidə sahibsiz itlərin olması isə qaranlıq küçələrdə sakinlərin təhlükəsizliklə bağlı narahatlığını daha da artırır.
Gəncə sakinləri aidiyyəti qurumlardan küçə işıqlarının bərpa edilməsini və şəhərin qaranlıq küçələrində müvafiq tədbirlərin görülməsini xahiş edirlər.
Şikayətlə bağlı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə sorğu ünvanlanıb. Qurumdan cavab olaraq bildirilib ki, aidiyyəti üzrə məlumat veriləcək.