Gəncədə, Rövşən Ələkbərov küçəsi, 85A ünvanında yaşayan vətəndaş elektrik sayğacının özünün xəbəri olmadan dəyişdirildiyini iddia edir.
Gencexeber.az-a müraciət edən şikayətçinin sözlərinə görə, qəbzlə ödəniş edilən sayğac çıxarılaraq birbaşa hesab nömrəsi ilə ödəniş edilən qurğu ilə əvəzlənib.
Vətəndaşın bildirdiyinə görə, hadisədən əvvəl onun elektrik enerjisinə görə 36 manat borcu olub. Bu səbəbdən "Azərişıq" ASC-nin əməkdaşlarından biri ona borcun ödənilməli olduğunu bildirib. Ev sahibəsi isə borcu qısa müddətdə ödəyəcəyini deyib.
Şikayətçi qeyd edir ki, sayğacın dəyişdirilməsi zamanı onun razılığı alınmayıb, heç bir akt imzalanmayıb və dəyişiklik barədə əvvəlcədən məlumat verilməyib.
Həmçinin sayğac dəyişdirildikdən sonra evdə işıqlandırmada problemlər yaranır. Evin daxilində olan elektrik paylayıcı lövhədəki avtomat açar vasitəsilə təchizatı kəsəndə iki otaqda işıq yanılı qalır.
Vətəndaş məsələ ilə bağlı aidiyyəti quruma müraciət etsə də, sayğacın hansı səbəbdən və hansı əsasla dəyişdirildiyinə dair ona aydın izahat verilmədiyini qeyd edir.
Şikayətçi sayğacın dəyişdirilməsinin səbəbinin açıqlanmasını, prosedurun qanuniliyinə aydınlıq gətirilməsini və məsələnin araşdırılmasını istəyir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.