Bir şəhəri, bir rayonu və altı kəndi birləşdirən avtomobil yolu yararsız vəziyyətdədir.
Gencexeber.az məlumat verir ki, 2 milyon manatdan çox vəsait hesabına inşa edilən Gəncə–Qarayeri–Qədili avtomobil yolu Gəncə şəhəri ilə Samux rayonunu birləşdirən əsas yollardan biridir.
İntensiv nəqliyyat hərəkətinin olduğu yolda asfalt örtüyünün dağılması və çoxsaylı çuxurların yaranması avtomobillərin hərəkətini çətinləşdirir. Yolun mövcud vəziyyəti nəqliyyat vasitələrinin müəyyən edilmiş sürətlə hərəkət etməsinə mane olur.
Şikayətlərin artmasına baxmayaraq, problem hələ də həllini tapmayıb. 17 min nəfərin gediş-gəlişi üçün əhəmiyyət daşıyan yolun vəziyyəti ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Gəncə–Sərkar–Qarayeri–Qədili avtomobil yolunun təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Qurumun məlumatına görə, yolun vəziyyətinin yaxşılaşdırılması məqsədilə təmir işlərinin növbəti illərdə müvafiq investisiya proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.