Gədəbəydə falçılıqla məşğul olan 1985-ci il təvəllüdlü Ramidə Əsgərovaya cinayət işi açılıb.
Ramidə Gədəbəyin Arısu kəndində 2 qadını aldadaraq müvafiq olaraq onların birindən 800, digərindən 700 manat alaraq ələ keçirib.
Zərərçəkmiş şəxslərdən Xalidə Əzizova (ad və soyad şərtidir) ifadəsində bildirib:
"Gədəbəyin Arısu kəndində yaşayıram. Kənddə olarkən sakinlərdən buraya Ramidə adlı falçının gəldiyini eşitdim. Qızımın ailəsində problemlər olduğu üçün Ramidəyə yaxınlaşdım, onlar haqqında danışdım. Ramidə isə qızıma "qurd yağı" çəkildiyini, bu səbəbdən də ailəsi ilə problemləri olduğunu, mənə bu işdə kömək göstərəcəyini və 800 manat pul alacağını dedi. Ramidəyə pulu verdim. Sonradan qızım ərindən boşandı, mən də aldadıldığımı başa düşüb şikayət etdim".
Digər zərərçəkmiş şəxs Şəhla Behbudova isə falçıya övladının xəstəliyi ilə əlaqədar müraciət etdiyini və 700 manat məbləğində aldaldığını deyib.
Təqsirləndirilən qadın isə ifadəsində bildirib ki, artıq falçılıqla məşğul olmur. O, zərərçəkmiş şəxslərə vurduğu zərəri tamamilə ödədiyini və barışıq əldə edildiyini bildirib. Barışıq ərizələri məhkəməyə təqdim edilib.
Gədəbəy Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Ramidənin cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsinə qərar verib.