2020-ci il oktyabrın 17-də Ermənistan Silahlı qüvvələri tərəfindən Gəncəyə endirilən zərbə nəticəsində K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin yaxınlığına düşən raket ətrafdakı evləri zədələyib. Onlardan biri Aida İmanquliyeva küçəsində yerləşən 2 saylı binadır. Zərbə dalğası pəncərələri və qapıları qırıb, divarları isə çatladıb.
Gencexeber.az məlumat verir ki, bir müddət sonra dövlət tərəfindən dəymiş ziyanın qarşılanması üçün hər ailə başçısına 1000 manat ayırılsa da, bu vəsait təmir-bərpa işlərinin tam icra edilməsi üçün kifayət etməyib. Suvaqlanan çatlar isə tezliklə yenidən əmələ gəlib.
Binada yaşayan 8 ailənin üzvləri iddia edirlər ki, rəsmilərin binanın bərpası ilə bağlı vədlərinə baxmayaraq, heç bir real tədbir görülməyib.
Redaksiyamız tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinə ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, tikili Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyinin deyil, şəhər ərazisində fəaliyyət göstərən müəssisənin balansındadır.
Ağır şəraitdə qalan sakinlər aidiyyəti qurumlardan müvafiq addımların atılmasını arzu edirlər.
