Gəncə şəhərində yolun hərəkət hissəsində yerləşən konstruksiya sürücülər və piyadalar üçün risk törədə bilər.
Yeni Gəncə qəsəbəsinin 28 May küçəsində dairəvi hərəkətin təşkil olunduğu ərazidə yerləşən konstruksiya əyilib və hər an aşma təhlükəsi var.
Ərazidən çəkilən görüntülərdən aydın olur ki, konstruksiya əvvəlki vəziyyətindən əyilib, üzərindəki Gəncə şəhərinə aid elementlər isə sınıb. Son aylarda bölgədə müşahidə olunan küləkli hava şəraiti konstruksiyanın aşma ehtimalını sürətləndirir ki, bu da ağır yol-nəqliyyat hadisəsinə və ya faciəyə zəmin yaradır.
Problemlə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan "Qafqazinfo"nun müraciətinə cavab olaraq bildirildi ki, yaxın günlərdə bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur:
"Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsində, dairəvi hərəkətin təşkil olunduğu ərazidə yerləşən konstruksiyaya aidiyyəti qurumun nümayəndələri tərəfindən baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, konstruksiyanın əyilməsi avtomobil qəzası nəticəsində baş verib. Hazırda konstruksiyanın bərpası ilə bağlı müvafiq tədbirlər görülür və yaxın günlərdə bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur".
Mənbə: yurd.media