Gəncədə bıçaqlanmaya görə tutulan şəxsin cəzası açıqlanıb. Bu haqda 29 noyabr tarixində Pravda.az-a istinadən məlumat veririk.
34 yaşlı Sumqayıt şəhər sakini Babək Nəsirov Gəncədə bir ailənin üç üzvünü bıçaqlamaqda təqsirli bilinib. Cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində proses keçirilib. Burada şübhəli şəxsə hökm oxunub.
Məhkəmənin qərarı ilə Nəsirov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 30 yanvar tarixində baş vermişdi. Babək Nəsirov qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı 30 yaşlı arvadı Elnurə Əlimərdanova ilə mübahisə edib. Buna səbəb kişinin iki azyaşlı övladını özü ilə birlikdə aparması olub. Mübahisə nəticəsində o, qadını boyun nahiyəsindən, həmçinin Elnurənin 31 yaşlı qardaşı Elnur Əlimərdanovu kürəyindən, onların 43 yaşlı əmisi Elşən Əlimərdanovu isə boyun nahiyəsindən bıçaqlayıb.
Daha sonra Babək hadisə yerindən qaçıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib, cərrahiyyə əməliyyatı olunub.
Babək Nəsirov isə Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib.