Qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq və soyuq silah gəzdirmədə təqsirləndirilən Etibar Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Gəncə Apellyasiya Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilib. Onun 5 il müddətə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılaraq 4 il 6 aya endirilib.
Qeyd edək ki, Etibar Məmmədov ötən il avqustun 27-də Gəncə şəhərinin Natəvan qəsəbəsində yerləşən tərxun istixanasının qarşısına gəlib. O, bir müddət əvvəl burada qətlə yetirilən oğlu Tunarın ölümünə görə istixana ilə əlaqəli şəxsləri məsul hesab edərək, orada mühafizəçi işləyən Ziya Cəfərova bıçaqla xəsarətlər yetirib.
Məhkəmədə ifadə verən Etibar Məmmədov özünü ittiham üzrə qismən təqsirli bildiyini deyib.
Mənbə: pravda.аz