Moskvada uzun illər tanınmış blogerlər, sənətçilər və televiziya simaları ilə çalışan gəncəli Cavid Hacıyev karyerasını Azərbaycanda davam etdirmək qərarına gəlib. İda Qaliç, Nastya İvleyeva, Yeqor Krid və Leonid Yakuboviç kimi məşhurlarla işləyən rejissor-montajçı ölkəmizdə beynəlxalq səviyyəli əyləncə layihələri hazırlamağı hədəfləyir.
Cavid Hacıyev bu barədə müsahibəsində danışıb.
Moskvada dünyaya gələn Cavid Hacıyev 8-ci sinfə qədər orada təhsil alıb, daha sonra ailə vəziyyəti ilə əlaqədar Gəncəyə qayıdıb. Bir müddət müxtəlif sahələrdə çalışan həmyerlimizin televiziya dünyasına yolu anasının Regional TV-də işlədiyi dövrdə açılıb. Televiziyada montajçıların işini izləyən Cavid bu sahəyə maraq göstərib və peşəni əsasən müstəqil şəkildə, internetdəki təlimlər vasitəsilə öyrənib.
O, 2016-cı ildən Rusiyadan aldığı iş təklifindən sonra təxminən beş il ərzində müxtəlif əyləncə və televiziya layihələrində çalışıb. Zamanla montajçı kimi başladığı karyerasını rejissor səviyyəsinə yüksəldib, böyük layihələrdə və musiqi kliplərinin hazırlanmasında iştirak edib.
Moskvada qazandığı təcrübəyə baxmayaraq, Cavid Hacıyev bir müddət əvvəl Azərbaycana qayıtmaq qərarına gəlib. O bildirib ki, əsas məqsədi burada yeni əyləncə formatları yaratmaq və yerli media bazarının inkişafına töhfə verməkdir.
Rejissorun sözlərinə görə, hazırda bir neçə yeni layihə üzərində işləyir. Bunların arasında yumoristik tok-şou, kulinariya və idman proqramları, eləcə də genişmiqyaslı realiti-şou formatları var. O, idman şousu ideyasını İdman TV-yə təqdim etdiyini və kanalın layihənin hüquqlarını almağa razılıq verdiyini də açıqlayıb.
Cavid Hacıyevin ən böyük hədəflərindən biri isə gələcəkdə "Netflix" üçün realiti-şou hazırlamaqdır. Rusiyadan yenidən iş təklifləri aldığını bildirən rejissor, buna baxmayaraq, Azərbaycanda qalaraq öz layihələrini inkişaf etdirmək niyyətində olduğunu deyib.
Mənbə: media.аz