Anasını öldürməkdə, həyat yoldaşını öldürməyə cəhddə və qanunsuz narkotik saxlamaqda təqsirləndirilən Emin Vəliyevin apellyasiya şikayəti təmin edilməyib.
Gəncə Apellyasiya Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Emin Vəliyev həyatının növbəti 18 il 6 ayını ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.
İttihama görə, Emin Vəliyev uzun müddət özünü müqəddəs insan hesab edib, yaşadığı evi "ocaq" adlandırıb, həyat yoldaşı və anasından namaz qılmağı, dini ayinləri yerinə yetirməyi tələb edib.
O, Goranboy rayonunun Faxralı kəndindəki yaşadığı evdə cari ilin yanvarın 31-də həyat yoldaşı, 1995-ci il təvəllüdlü Jalə Yolçuzadəyə çoxsaylı bıçaq zərbələri endirib. Səs-küyə görə otağa daxil olan anası, 1963-cü il təvəllüdlü Zoya Əhmədovaya da uşaqlarının gözü qarşısında çoxsaylı bıçaq zərbələri vurub. Ağır xəsarətlər alan anası hadisə yerində həyatını itirib.
Araşdırma zamanı Emin Vəliyevin üzərindən 6,16 qram, yaşadığı evdə aparılan axtarış zamanı isə ümumilikdə 134,43 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Mənbə: pravda.аz