Gəncənin "İmamzadə" dini ziyarətgah kompleksinin məscidində yağış suları binanın tavanından içəri axır.
Gencexeber.az-a daxil olan şikayətlərə görə, günbəzin səthində saralmalar, boya qatının qopması və digər zədələnmələr mövcuddur. Yağış sularının ibadət zalının müxtəlif hissələrinə damması səbəbindən xalçalar islanır. Həmçinin xanımlar üçün ayrılmış hissədəki qapı da təhlükəli vəziyyətdədir.
Vətəndaşlar mövcud vəziyyətin ciddi təhlükə yaratdığını bildirərək aidiyyəti qurumların məsələyə müdaxilə etməsini istəyirlər.
Qeyd edək ki, "İmamzadə" dini ziyarətgah kompleksi ilə bağlı bu, ilk şikayət deyil. Bundan əvvəl vətəndaşlar kompleksdəki sanitar qovşağın vəziyyətindən narazılıq ediblər. İddialara görə, həmin ərazidə su təchizatı ilə bağlı problemlər yaşanıb, ziyarətçilər isə xoşagəlməz qoxudan şikayətləniblər.