Mingəçevir şəhərində 40 yaşlı kişi həyat yoldaşına şiddət göstərməkdə ittiham olunub.
Şəhərin Günəşli bağ massivində 1986-cı il təvəllüdlü Xəyal evdə arvadı Aysellə (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında ailə münaqişəsi Ayselin ölmüş atasının yas mərasiminə gedəcəyini israrla bildirməsi, Xəyalın isə buna narazılıq etməsi ilə bağlı yaranıb. Mübahisə zamanı o, ayağı ilə arvadının sol gözünün alt qapağına, əli ilə isə qulağına xəsarətlər yetirib.
Xəyalın barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Xəyal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Təqsirləndirilən şəxs deyib ki, arvadına atasının 40 mərasiminə özünün Qarabağdan işdən qayıtdıqdan sonra getməsini xahiş edib:
"Lakin arvadım bu fikrimə qarşı çıxaraq, atasının yas mərasiminə vaxtında, yəni həmin gün gedəcəyini bildirdi. Ayselin bu cavabına əsəbiləşərək, ona xəsarətlər yetirdim".
Zərərçəkmiş ifadəsinddə əri ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını deyib.
Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Xəyalın həyat yoldaşı ilə barışması nəzərə alınıb, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib və cinayət məsuliyyətindən azad edilib.