Gəncədə üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan "Opel" və "Chevrolet Trax" markalı minik avtomobilləri yolayrıcında toqquşub.
Zərbənin təsirindən "Opel" avtobus dayanacağına çırpılaraq orada dayanan kişini vurub. Daha sonra avtomobil yol kənarında dayanmış "Chevrolet Cruze" markalı maşına çırpılıb.
Qəza nəticəsində 1992-ci il təvəllüdlü Ramin İbrahimov, 1977-ci il təvəllüdlü Samirə Bağırova və 1944-cü il təvəllüdlü Dilbər Əsgərova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, Samirə Bağırova və Dilbər Əsgərova "Opel" markalı avtomobildə olublar. Ramin İbrahimov isə hadisə zamanı avtobus dayanacağında dayanarkən xəsarət alıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.