Gəncənin əksər dövlət uşaq bağçalarının həyətlərində azyaşlıların əylənməsi üçün nəzərdə tutulan oyun qurğuları və attraksionlar ya yoxdur, ya da kifayət qədər deyil.
Gencexeber.az-a daxil olan şikayətlərə görə, mövcud avadanlıqların bir qismi isə sınıq-salxaq vəziyyətdədir, həmçinin istifadəyə yararlı deyil.
Valideynlər bildirirlər ki, günün böyük hissəsini bağçalarda keçirən uşaqların asudə vaxtlarının səmərəli təşkili, fiziki fəallığının artırılması və əylənməsi üçün daha əlverişli şərait yaradılmalıdır. Onların sözlərinə görə, maraqlı oyun meydançalarının olması balacaların bağça mühitinə alışmasını da asanlaşdıra bilər.
Bu səbəbdən həyətlərdəki yararsız qurğuların təmir edilməsi, köhnəlmiş avadanlıqların yenilənməsi və uşaqların təhlükəsiz şəkildə oynaya bilməsi üçün lazımi şəraitin yaradılması vacib hesab olunur.