Gəncədə evdə səs-küy salan şəxs inzibati qaydada həbs olunub.
36 yaşlı Fərahim Şükürov (şərti ad) şəhərin Nəvai küçəsində yerləşən yaşadığı evinə gələrək səs-küy salıb. Oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
Cəlb edilən polis əməkdaşları Fərahimin ucadan nalayiq ifadələr işlətməsinə şahid olublar. Ona irad bildirərək hərəkətlərini dayandırması tələb olunsa da, Fərahim polisin qanuni tələbinə məhəl qoymayaraq hərəkətlərini davam etdirib.
Nəticədə o, saxlanılaraq polis şöbəsinə aparılıb. Barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.
Fərahim Şükürov ifadəsində bildirib ki, atası yatarkən evə gəlib və özünə əsəbiləşdiyi üçün səs-küy salıb. Səs-küyə görə yuxudan oyanan atası isə onun barəsində şikayət edib. Fərahim əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza tətbiq olunmasını istəyib.
Məhkəmənin qərarı ilə Fərahim Şükürov 25 gün müddətinə inzibati qaydada həbs olunub.
Mənbə: Lent.az