Sürücülük hüququ olmadan sükan arxasına keçən şəxs və ailə üzvləri faciə qurbanı oldular.
Gencexeber.az-a bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, ötən gün saat 13:11-də Tovuz rayonunun Yanıqpəyə kəndi ərazisində Gədəbəy rayon sakini Şakir Hüseynovun sürücülük hüququ olmadan idarə etdiyi VAZ markalı avtomobil yoldan çıxaraq su kanalına aşıb.
Qəza nəticəsində Şakir Hüseynov hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı Püstə və oğlu Xəyal Hüseynovlar, gəlini, eləcə də 4 və 2 yaşlarında iki nəvəsi xəstəxanaya çatdırılıblar.
İlkin ehtimala görə hadisəyə səbəb yola nabələd olan sürücünün sərt döngədə manevretmə zamanı sürət həddini düzgün seçə bilməməsi göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsi yüksək sürətin, habelə səriştəsiz şəxslərin sükan arxasına əyləşməsinin ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, bununla yanaşı sürücüləri yol və hava şəraitini hər zaman nəzərə almağa, yola nabələd olduqda daha da ehtiyatlı davranmağa çağırır.
Faktla bağlı araşdırma aparılır.