Gəncə təmsilçisinin “Qarabağ” ilə oyunundan sonra təmsilçimizin baş məşqçisi (artıq sabiq baş məşqçisi) Azər Məmmədov öz fikirlərini bildirib. Bu haqda 6 noyabr tarixində futbol klubuna istinadən xəbər veririk.
Gənc mütəxəssis futbolçularda əzmkarlığın çatışmadığını qeyd edib:
“Çox üzücü məğlubiyyətdir. Reallıq budur ki, “Qarabağ” bizdən qat-qat güclüdür. Ağdam klubuna qarşı oynamaq hamı üçün çətindir. Əsasən də bizim kimi komanda üçün. Uşaqlar çalışdılar ki, meydanda nəsə etsinlər. Amma əzmkarlıq çatışmırdı. Bu rəqibə qarşı yalnız əzmkarlıq sayəsində nəticə qazana bilərsən. İlk dövrədə həmin əzmkarlıq nəticəsində xal qazana bilmişdik”, – deyə o bildirib.
Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma “Qarabağ”ın 7:1 hesablı qələbəsi ilə bitmişdir. Bundan sonra komandamızın baş məşqçisi Azər Məmmədov istefa vermişdir. Gənc mütəxəssis mövsümün əvvəlindən “Kəpəz”i çalışdırırdı.