Gəncədə bir sıra sakinlər qaz təchizatı ilə bağlı çətinlik çəkirlər. Bu haqda Gencexeber.az-a 4 aprel tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Cavad xan qəsəbəsində (“Avtozavod” adlanan yaşayış massivində) müşahidə edilir. Sakinlərin sözlərinə görə, 20 nömrəli marşrut xəttinin son dayanacağı olan ərazidəki binaların yaxınlığında yerləşən evlərə verilən qazın təzyiqi çox aşağıdır. Bu səbəbdən qızdırıcılar və kombilər işləmir.
“Ötən il qaz məsələsinə görə üç ay evimizdən didərgin düşdük. Bu il qaz verdilər, bir az rahat olduq. Amma təzyiq çox aşağı olduğu üçün qızdırıcılar və s. işləyə bilmir. Yuyunmaq üçün suyu vedrələrə töküb, qazda isidirik. Aidiyyəti qurumlardan məsələmizi həll etmələrini xahiş edirik”, - deyə sakinlər bildiriblər.