Gəncədə şəhid adına sinif otağı açılıb. Bu haqda 1 dekabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
İkinci Qarabağ müharibəsinin şəhidi Rauf Əsgərovun təhsil aldığı 44 nömrəli məktəbdə adına sinif açılışı olub. Burada şəhidimizin ailəsi, məktəbin müəllim-şagird kollektivi, qazilər, şəhərin idarə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Çıxışlarda Əsgərovun məktəb illəri haqqında xatirələrdən danışılıb, müharibədə göstərdiyi şücaətindən bəhs olunub. Tədbirdə məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Sözügedən otaqda onun şəkillərindən və medallarından ibarət guşə yaradılıb, oturduğu partada adı əks olunub.