Gəncədə universitetlərdən biri Polşa universiteti ilə müqavilə imzalayıb. Bu haqda 17 yanvar tarixində Kəpəz Televiziyasına istinadən xəbər veririk.
Azərbaycan Texnologiya Universiteti Bialystok Texnologiya Universiteti ilə ilk ikili diplom müqaviləsi bağlayıb. Bu sənəd xarici universitetlərlə dəstək və qarşılıqlı əməkdaşlıq nəticəsində müasir və rəqabətqabiliyyətli gənclərin inkişafına şərait yaradacaq.
Universitetin prorektorlarının sözlərinə görə, universitetlər arasında müqavilə "Nəqliyyat logistikası" proqramı üzrə imzalanıb. Onlar, həmçinin əlavə ediblər ki, magistrantlar iki semestr ATU-da, digər iki semestr isə Bialystok Texnologiya Universitetində təhsil ala biləcəklər və sonda hər iki universitetin magistr diplomunu qazanacaqlar.
Gəncədə 3 ali təhsil müəssisəsi var ki, onlardan yalnız Azərbaycan Texnologiya Universitetində magistr tələbələri üçün ikili diplom proqramı imkanları yaradılıb. Digər iki universitetdə bu cür layihələr yalnız bakalavrlar üçün keçərlidir.