Gəncə şəhərində yerləşən "İmamzadə ziyarətgah" kompleksində natəmizlik baş alıb gedir.
Gencexeber.az-a müraciət edən ziyarətçilərin bildirdiyinə görə, kompleksin sanitar qovşaqlarında su təchizatı işləmir, üfunət səbəbindən içəridə dayanmaq belə mümkün deyil:
“Məscid və Zeynəbiyyə ziyarətgahında da vəziyyət acınacaqlıdır. İbadət otaqlarında hər tərəf toz-torpaq və kir içindədir, ayaqqabıların qoxusundan səcdə etmək belə çətinləşir. Kompleksə gələn şəxslər yediklərini-içdiklərini orada qoyub gedirlər, ətraf zibil qaynıyır. Təmizlik işçilər tərəfindən də heç bir iş aparılmır. Bu hal həm dini məkanın nüfuzuna, həm də ziyarətçilərin ibadət şəraitinə mənfi təsir göstərir”.
Sakinlər və ziyarətçilər məsələ ilə bağlı aidiyyəti qurumlardan kompleksdə mütəmadi təmizlik işlərinin aparılmasını və sanitar şəraitin təmin olunmasını tələb edirlər.