Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təqdim olunub.
Gencexeber.az məlumat verir ki, konsertdə Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestri çıxış edib.
Konsert proqramını Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun vitse-konsulu Yiğit Yalın Soyal, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Aygün Səmədzadə və digər rəsmi şəxslər izləyiblər.
Konsert proqramında F. Tüzünün "Çayda Çıra" və "Çeşməbaşı" balet süitaları, E. İnalın "Anadolu Rapsodisi", C. Sen-Sansın "İntroduksiya və Rondo-Kapriççio" a-moll, op. 28 əsəri, həmçinin Fikrət Əmirovun "Nəsimi dastanı" faciəvi musiqisi səsləndirilib.
Əsərləri Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlov və türkiyəli dirijor Eray İnal idarə ediblər. Proqramda solist qismində Azərbaycanın Əməkdar artisti, skripka ifaçısı Elvin Hoca Qəniyev çıxış edib.
Azərbaycan və Türkiyənin tanınmış musiqi kollektivlərini bir araya gətirən konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Səsləndirilən əsərlər alqışlarla müşayiət olunub.