Gəncədə müəssisələrdən birində qayda pozuntusu aşkarlanıb. Bu haqda 28 fevral tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nümayəndələri bir sıra obyektlərdə yoxlama keçiriblər. Nəticədə Tağı Arani küçəsi ilə Kimyaçılar küçəsinin kəsişməsində fəaliyyət göstərən ticarət müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb.
Burada məhsulların bir sıra göstəricilərinin orijinaldan fərqləndiyi, başlıq hissələrinin butulkalara təkrar bərkidildiyi, hər bir butulkanın fərqli ölçüdə doldurulduğu, məhsulların üzərində istehsal tarixlərinin qeyd olunmadığı aşkar edilib. Sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb.
Nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Sınaq nəticələrinə əsasən, onlarda uyğunsuzluqlar aşkarlanıb.
Araşdırmalar davam etdirilir.