Gəncədə yeni tikilmiş müəssisəyə tur baş tutub. Bu haqda 16 mart tarixində Report-a istinadən məlumat veririk.
"Kəpəz"in yeni istifadəyə verilən akademiyasına media tur AFFA tərəfindən təşkil olunub. Burada idman jurnalistləri iştirak ediblər. Qonaqlar akademiyanın binası və məşq mərkəzi ilə tanış olublar.
Onlara görülən işlər, yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, akademiya və məşq mərkəzi FIFA, UEFA və AFFA-nın birgə dəstəyi sayəsində inşa olunub.
Akademiyada 96 nəfərin qalması üçün şərait yaradılıb. Üçmərtəbəli binada klubun baş ofisi, inzibati mərkəz, restoran, futbolçuların və akademiya üzvlərinin istirahəti üçün otaqlar, sauna, fitnes zalı mövcuddur. Hər mərtəbədə Gəncə və Azərbaycan futbolunun görkəmli nümayəndələri ilə bağlı məlumat lövhələri yerləşdirilib.
Akademiyanın restoranından eyni zamanda iki komandanın istifadə etməsi üçün şərait yaradılıb. İclas otağında isə 50-yə yaxın şəxsin iştirakı mümkündür. Akademiyada qalanlar üçün 6 nəfərlik standart otaqlar var.
Qeyd edək ki, akademiya və məşq mərkəzi artıq “Kəpəz” üzvlərinin istifadəsinə verilib.