top
Ehtiyac içində də yaşamıram, təmtəraqlı həyatım da yoxdur
29 iyul 2025, 20:20
- +

"Ehtiyac içində də yaşamıram, təmtəraqlı həyatım da yoxdur"

 

"Rusiyada pinəçilik edirdim, on il orada yaşayandan sonra dözə bilmədim, geri döndüm".

Bu sözləri Əməkdar artist, Gəncə Dövlət Milli Dram Teatrının aktyoru İlham Hüseynov 525.аz-a müsahibəsində bildirib.

- Necəsiniz? İşləriniz necə gedir?

- Hazırda istirahətdəyəm. Həm çəkildiyim "İmtina" serialı bitib, həm də işlədiyim Gəncə Dövlət Milli Dram Teatrından məzuniyyətə çıxmışam.

- Gəncədə teatr, Bakıda çəkilişlər... Get-gəl yormur sizi?

- Yox. Çoxdandır, bu iş rejimində işlədiyimə görə alışmışam. Bakıda olanda Gəncə üçün, Gəncədə olanda Bakı üçün darıxıram. Buradan Gəncəyə həvəslə gedirəm ki, doğma yurduma gedirəm. Çəkilişlərim, həmfikir olduğum dostların çoxu Bakıda olduğu üçün də böyük həvəslə geri qayıdıram.

- Bir sözlə, keçmiş Gəncədədir, gələcək Bakıda.

- Elədir ki, var.

- Mən sizi ilk dəfə "Aktrisa" filmində kəşf etmişəm. Elə həmin vaxt sizin yaradıcılığınızla maraqlanmağa başladım. Öyrənəndə ki, bu, kinoda ilk işinizdir, xeyli təəccübləndim. Halbuki ona qədər teatrda uğurlu rollarınız vardı. Niyə kinoya belə gec gəldiniz?

- Bəli, "Aktrisa" filminə çəkiləndə 42 yaşım vardı. Təbii ki, buna qədər də çəkilmək istəyi olub, ancaq başım teatra qarışmışdı. Bir dəfə çəkiləndən sonra isə mütəmadi çəkilmək istəyi yarandı. Düzü, həmin dövrdə buna ümid etmirdim. Düşünürdüm ki, kimdir məni kinoya çəkən?

- Rövşən İsax çəkdi. Bilirəm ki, hər ikiniz gəncəlisiniz. Ancaq yenə də maraqlıdır, sizin yollarınız necə kəsişib?

- Rövşənlə hələ məktəbdə oxuduğumuz dövrdə - Gəncədəki Xalq teatrında çıxış etdiyimiz illərdən bir-birimizi tanıyırdıq. Həmçinin institutda tələbəliyimiz eyni dövrə təsadüf edir. Bir sözlə, Rövşən məni insan kimi çoxdan tanıyırdı, üstəlik, aktyor potensialıma da bələd idi.

- Bəs necə oldu ki, illər sonra sizi çəkmək qərarına gəldi?

- Deməli, 2008-ci ildə Rövşəndən mənə zəng gəldi. Dedi, İlham filan ölçülərdə şəklini göndər, ola bilsin ki, biz səninlə çəkiliş meydançasında görüşdük. Mən də şəkilləri göndərdim. Üstündən bir neçə ay keçəndən sonra Rövşən Gəncəyə gəldi, biz Xan bağında oturub söhbət etdik. Məhz orada İlqar Fəhminin "Aktrisa" romanı haqqında ətraflı danışdı və əsər əsasında film çəkmək istədiyini dedi. Elə ilk dəfə əsər haqqında danışanda çox xoşuma gəldi. Rövşən dedi ki, məni filmdə özünün oynadığı müstəntiq rolunda sınamaq istəyir. Daha sonra məndən bu filmdə hansı rolu oynamaq istədiyimi soruşdu. Mənim könlümdən yazıçı Rüfət Hüseynzadə obrazı keçsə də, deməyə utandım. Cavab verdim ki, sən hansı rolu desən, oynamağa hazıram. Bu söhbətin üstündən bir il keçəndən sonra Rövşən məni Bakıya sınaq çəkilişlərinə dəvət etdi. Onu da qeyd elədi ki, məni yazıçı rolu üçün də sınamaq istəyir. Sevincimdən bilmədim nə edim. Dedim, mən bunu gözləyirdim.

Bu söhbətin üstündən bir il keçəndən sonra Rövşən məni Bakıya sınaq çəkilişlərinə dəvət etdi. Çəkiliş olan məkana ilk dəfə gedəndə o qədər utanırdım ki, elə bil məni edama aparırlar. Ümumiyyətlə, mən xaraktercə utancaq insanam. Həmin gün öz çəkilişimdən sonra digər aktyorları da izləmək fürsətim oldu. Hər dəfə yeni aktyor görəndə ürəyimdə deyirdim ki, yüz faiz bunu çəkəcək, məni çəkməyəcək. Nəhayət, sınaq çəkilişləri bitdi, dedi, get mən səni çağıracağam. Sonradan bildim ki, sən demə, həmin vaxt bütün bədii şura mənim çəkilməyimə qarşı imiş. Şura başqa aktyorun üzərində dayanır, tək Rövşən istəyir ki, məni çəksin. Dilemma qarşısında qalan Rövşən sınaq çəkilişlərinin qeydini də götürüb gedir bir kino bilicisinin yanına. Həmin şəxs də deyir ki, İlhamı çək, o bu rola daha çox uyğundur. Çünki İlhamın gözlərində uşaq səmimiliyi var. Doğrudan da, xaraktercə sözügedən personaja çox oxşayıram. Sadəlövh, uşaq kimi hər şeyə inanan adamam. Məni aldatmaq çox asandır. Beləcə, məni bu rola təsdiqlədilər.

"Aktrisa"nın çəkilişləri mənim üçün əzablı iş prosesi oldu. Kinoda təcrübəsiz olduğum üçün Rövşən İsaxa çox əziyyət verirdim. Baxmayaraq ki, bu filmə qədər teatrda xeyli rollar ifa etmişdim. Ümumiyyətlə, teatrın da, kinonun da özünəməxsus qanunları var. Məsələn, filmdə həm yaxın, həm də uzaq plan çəkilir. Mən o vaxt heç bunu da bilmirdim. Tutaq ki, hansısa bir jest işlənirsə, sən hər iki planda eyni cür oynamalısan. Mən fərqli oynayırdım, Rövşən əsəbləşirdi. Yaxud da rolu müəyyən bir sərhəd daxilində oynamalısan, bir balaca başını tərpədən kimi kameradan çıxa bilərsən. Mən tez-tez kameradan çıxırdım. Bir sözlə, uyğunlaşa bilmirdim. Hətta bir dəfə belə bir hadisə olmuşdu. Çəkiliş zamanı uzaqdan eşitdim ki, Rövşən deyir, məni belə-belə olaydım, mən bunu niyə çəkdim?

- Ancaq "Aktrisa" sizə gözlənilən məşhurluğu gətirmədi.

- Ümumiyyətlə, film özü məşhur olmadı. Fikrimcə, "Aktrisa"Azərbaycan səviyyəsində çox keyfiyyətli işdir.

- Məşhurluq "Vicdan haqqı"nın İmranı ilə gəldi. Maraqlıdır, İmrandan sizdə nə var?

- Heç nə. Mən həyatda tamam başqa adamam. Əgər bu rolun öhdəsindən gələ bilmişəmsə, nə xoş mənə.

- Qəfil gələn məşhurluğu necə qarşıladınız?

- Mən hələ "Aktrisa" filminin sınaq çəkilişləri zamanı xəyallar qururdum ki, kinoya çəkiləcəyəm, küçəyə çıxanda hər yerdə məni tanıyacaqlar. "Vicdan haqqı"dan sonra artıq nəinki şəhərdə tanıyırdılar, feysbukda axın-axın dostluqlar gəlirdi. Bəzən aktyorlar deyir ki, məşhurluqdan bezdim. Mən elə deməzdim. Məşhurluq aktyor üçün mənəvi qidadır. Bütün bunlara görə, Rövşənə minnətdaram. Həmişə deyirəm ki, məni kinoya gətirən, kinoda yaradıcılıq taleyimi həll edən Rövşən olub. Yeganə aktyoram ki, Rövşənin "Aktrisa" filmindən bu yana bütün proyektlərində oynamışam.

- Çox vaxt aktyorlarımız maddi çətinlikdən gileylənir. Sizin bu mövzuda giley-güzarınız yoxdur ki?

- Mən bu sənətə gələndə yaşayacağım çətinlikləri gözə almışdım. Çünki bilirdim ki, aktyorlar böyük pullar qazanmır. İstənilən halda deməzdim ki, bu gün ehtiyac içində yaşayıram. Ancaq elə bir təmtəraqlı həyatım da yoxdur.

- Kino kimi, evliliyə də gecikmisiniz. Bunun səbəbi nə olub?

- Maddiyyat. Mən özümü tamamilə sənətə həsr etmişdim.

- Gəncə Dövlət Milli Dram Teatrı ilə yanaşı, Akademik Milli Dram Teatrında da çalışmısınız. Təəssüf ki, bu əməkdaşlıq qalmaqallı sonluqla bitdi. İstərdim, məsələni bir də sizdən eşidək.

- Mən hələ uşaq olanda bilirdim ki, aktyor olacağam. Elə həmin dövrdən yaradıcılıq həyatımı planlamışdım. Bu məqsədlərdən biri Mədəniyyət və İncəsənət İnstitutuna qəbul olmaq idisə, ikinci "Azdrama"da çalışmaq idi. İlk arzumu reallaşdırdım. Ancaq məlum məsələdir ki, İnstitutu bitirdikdən sonra Bakıda qalmaq üçün kiminsə dəstəyi lazım gəlirdi. Ona görə də təhsilimi tamamladıqdan sonra ürək ağrısı ilə Gəncəyə qayıtdım. Gəncədə təxminən üç il qalandan sonra bəzi səbəblərdən Rusiyaya getdim. Həmin vaxt elə bilirdim ki, mən yaxşı aktyor ola bilməyəcəyəm. Niyəsə özümə qarşı inamsızlıq vardı.

- Rusiyada nə işlə məşğul olurdunuz?

- Pinəçilik eləyirdim. Qardaşım Rusiyada yaşayırdı və ayaqqabı istehsalı ilə məşğul olurdu. Mən də onun yanında bu peşəni öyrəndim.

- Bəs necə oldu ki, qayıtmağa qərar verdiniz?

- Müəyyən dövr keçəndən sonra anladım ki, dözə bilmirəm, mütləq yaradıcılıqla məşğul olmalıyam. On il orada yaşayandan sonra dözə bilmədim, geri döndüm. Bura qayıdandan sonra Gəncə teatrında işləməyə başladım. 2013-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının o dövrkü direktoru "Evlənmə" tamaşasında məni görüb "Azdrama"ya dəvət etdi. Hətta Gəncə Dövlət Dram Teatrında işləməyimə də icazə verdi. Beləcə beş il hər iki teatrda işlədim. İsrafil İsrafilovun yerinə Azər Paşa Nemətov gələndən sonra isə şəxsi konflikt zəminində mənimlə bərabər, bir neçə aktyoru da teatrdan uzaqlaşdırdı.

- Bağışlamısınız Azər Paşa Nemətovu?

- Yox, bağışlamamışam. Gəlin, bu mövzunu bağlayaq. Ölünün arxasınca danışmazlar.

- Yaxşı. Siz niyə filmlərə çəkilmirsiniz?

- Dəvət edən yoxdur.

- Bəlkə də ardıcıl olaraq sizi seriallarda görürlər deyə, buna təşəbbüs göstərmirlər.

- Ola bilər. Mən həmişə çəkilməyə hazıram. Yetər ki, yaxşı ssenari, yaxşı rol olsun...

Son xəbərlər

Tarix
Dünən, 16:52

Xidmət etdiyi rejimin qurbanına çevrilən GƏNCƏLİ

Bütün xəbərlər
Dünən, 16:03

Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

Bütün xəbərlər
Dünən, 15:51

Gəncə növbəti mötəbər yarışa EV SAHİBLİYİ EDƏCƏK

Bütün xəbərlər
Dünən, 13:08

Kişi qan xəstəsi olan qardaşını təpiklədi

Bütün xəbərlər
Dünən, 12:04

Azərbaycan neftinin qiyməti 4 illik rekordunu qırdı

Bütün xəbərlər
Dünən, 11:29

Qatarların qrafikində gecikmələr ola bilər

Bütün xəbərlər
Dünən, 10:41

Gəncədə qadın sürücü həmcinsini xəstəxanalıq etdi

Bütün xəbərlər
Dünən, 09:39

Gəncəli teatrşünas MÜKAFATLANDIRILDI

Bizim fəxrimiz
27 mart 2026, 18:00

Gəncəli pedaqoq ALİMLİK zirvəsinə yüksəldi

Bütün xəbərlər
27 mart 2026, 17:34

Gəncədə qadının barmağı üzükdən azad edilib

Bütün xəbərlər
27 mart 2026, 15:57

Hava sabah da yağıntılı olacaq

Bütün xəbərlər
27 mart 2026, 15:00

Gəncədə yanğında boğulan kişi yeriməkdə çətinlik çəkirmiş

Bütün xəbərlər
27 mart 2026, 14:17

Kürdə köməksiz qalan ailə üzvlərinin adları məlum olub - YENİLƏNİB

Bütün xəbərlər
27 mart 2026, 13:00

Dül-dül çinarı haqda eşitmisiniz?

Bütün xəbərlər
27 mart 2026, 12:22

Gəncənin Venesiyadan nəyi əksikdir?

Bütün xəbərlər
27 mart 2026, 11:27

Yeniyetmə 34 yaşlı kişini bıçaqladı

Bütün xəbərlər
27 mart 2026, 11:01

Ata evdə yatmağa icazə verməyən oğlunu döydü

Bütün xəbərlər
27 mart 2026, 10:18

Vətən müharibəsi qazisi və jurnalist vəfat etdi

Bizim fəxrimiz
27 mart 2026, 09:50

Zaltskotten şəhəri 19 yaşlı GƏNCƏLİ ilə fəxr edir

Bütün xəbərlər
27 mart 2026, 09:12

Gəncədə it hücumlarının ƏSAS SƏBƏBlərindən biri

Bütün xəbərlər
26 mart 2026, 18:00

Gəncədə Nizami kinoteatrının qarşısı zülmət qaranlıq olur

Bütün xəbərlər
26 mart 2026, 17:26

Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadılıb

Bütün xəbərlər
26 mart 2026, 16:34

Gəncədə yeniyetməni vuran sürücü hadisə yerindən qaçıb

Bütün xəbərlər
26 mart 2026, 16:00

"Kəpəz" yoluna Donqosuz davam edəcək

Oxşar xəbərlər