Gəncədə növbəti layihə çərçivəsində müqavilə imzalanıb. Bu haqda 22 dekabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Şəhərdə 275 küçəni əhatə edəcək 21 min ədəd led lampanın quraşdırılması, 50 km uzunluğunda alüminium kabellərin, 371 ədəd elektrik şkafının və işıq dirəklərinin yenilənməsi nəzərdə tutulur. Nizami yurdunda Avropa Yenidənqurma və İnkişaf Bankından ayrılan kredit vəsaiti ilə şəhərdə küçələrin işıqlandırılması layihəsi üzrə məsləhətçi şirkət “Urban Technology Alliance” ilə İcra Hakimiyyəti arasında layihənin icra edilməsində texniki dəstək və məsləhət xidmətləri göstərmələrinə dair anlaşma bağlanıb.
Layihəyə əsasən, küçə işıqlandırılması idarəetmə sisteminin yaradılması və həmin sistemin idarəedilməsi istiqamətində təlim xidmətlərinin göstərilməsi də planlaşdırılır.
İmzalanma mərasimində çıxış edən rəsmilər həyata keçirilən proyektlərin şəhər üçün əhəmiyyətini vurğulayıblar. Həmçinin layihələr icra olunarkən şəhərin tarixi xüsusiyyətinin də nəzərə alınmasını tövsiyə ediblər.